Məmmədov Akif Güləli oğlu — dilçi, metodist, pedaqoq. Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının dosenti, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dilçilik və Azərbaycan dilinin tədrisi metodikası üzrə mütəxəssisi olmuş görkəmli dilçinin bəzi dərslik, vəsait və ali məktəb proqramının, elmi, metodik və publisistik məqalələrinin pdf formatını müvafiq bölmələrdən əldə edə bilərsiniz.

Akif Məmmədov elmi yaradıcılığa 1987-ci ildə başlamışdır. Onun yaradıcılığı Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və pedaqogika elmi ilə bağlıdır. Onlarla elmi-metodik məqalənin, bir neçə monoqrafiyanın, metodik vəsaitin, tövsiyənin müəllifi, “Mütərcim” nəşriyyatında uzun müddət çap olunan onlarla kitabın, “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında 1992 – 2007-ci illərdə Azəərbaycan dili və onun tədrisi ilə bağlı dərc edilən məqalələrin redaktoru, BSU-nun Azərbaycan dili kafedrasının ali məktəblər üçün hazırladığı eksperimental “Azərbaycan dili” dərsliyinin ixtisas redaktoru və əsas müəlliflərindən biridir.

1991-ci ildən 2007-ci ilə kimi Təhsil Nazirliyinin “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalında Azərbaycan dili şöbənin müdiri vəzifəsində çalışmış, jurnalda dilin nəzəri və metodik aspektlərini əks etdirən ayrı-ayrı müəlliflərin məqalələrində A.Məmmədovun bir redaktor kimi dəst-xəttini aydın görmək olar. A.Məmmədov jurnalda işlədiyi müddətdə, demək olar ki, hər nömrədə Azərbaycan dili müəllimlərinin qabaqcıl təcrübəsinin yayılmasına (“Bir dərsdən öyrəndiklərimiz”, “Bir dərsin uğuru”, “Müasir dərs ciddi hazırlıq tələb edir” və s.); Azərbaycan dilinin nəzəri problemlərinə (“Qoşma idarə edirmi?”, “Məktəblinin etimoloji lüğəti”, “Müəllim nəyə istinad etməlidir?”, “Bədiiliyin fonetik səviyyədə ifadəsi”, “İstəyirəm sübut edəm ki…”, “Dərsliklərdə leksik və qrammatik şəkilçilərin sərhədinə dair”, “Nitq hissəsi ilə söz arasında bərabərlik işarəsi qoymaq olarmı?” və s.), dildə nisbətən çətin tədris olunan mövzuların metodikasına (“Qrammatik sual təlimdə vasitə kimi”, “Azərbaycan dili dərslərində interaktiv təlim metodları”, “Günahkar kimdir?”, “Etimoloji xarakterli səhvlər və onların aradan qaldırılması”, “Etimoloji təhlil linqvistik təhlilin növlərindən biri kimi” və s.) həsr edilmiş yazıları ilə çıxış edir. Jurnalın ən maraqlı rubrikası olan “Suallara cavab”ı da A.Məmmədov aparmış, ən çox orta məktəb müəllimlərinin qarşısına çıxan nəzəri və praktik çətinliklərdən yaranan suallara ətraflı cavablar vermişdir.

BSU-nun respublikada Məktəb-Lisey Kompleksinin yaranmasında fəal iştirak etmiş, Kompleksin ilk direktor müavini və müəllimlərindən biri olmuşdur. . “Mütərcim” ədəbiyyat və tərcümə jurnalının nəşrinə böyük köməklik göstərmiş və ilk məsul katibi olmuşdur.

Akif Məmmədov qələmini publisistika sahəsində də sınamışdır. Cəmiyyət həyatının müxtəlif sahələrinə, o cümlədən daha çox bələd olduğu məktəb, təhsil, maarif sahəsinə aid yazdığı publisist və elmi-publisist məqalələri dilinin aydınlığı, mövqeyinin kəskinliyi və üslub aydınlığı ilə seçilir. XX əsrin 90-cı illərindən başlayan siyasi durumun cəmiyyətdə özünü göstərən neqativ əks-sədası bu yazılarda ustalıqla və bir qədər də satirik dillə təhlil edilir. Yaltaqlıqla mövqe qazanmaq (“Yaltaqlıq”), bütün cəmiyyətə, o cümlədən nisbətən təmiz qalan orta məktəblərə belə rüşvətin sirayət etməsi (“Orta məktəbdə rüşvət – bu, dövrün bəlasıdır”), müəllimlərin attestasiyasında yol verilən neqativ hallar (“Gündə bir çıxarır zakoni-tazə”), islami dəyərlərin orta məktəbə gətirilməsi adı altında boş kompaniyaçılıq (“İslami biliklər məktəbə gəlir. Amma necə?”), özəl ali məktəblərdə tədrisin vəziyyəti (“Təhsildə özəlləşmə. Vəziyyət necədir?”) və s. aktual problemlər A.Məmmədovun publisist yazılarının əsas mövzuları olmuşdur.

Onlarla dərslik, vəsait və ali məktəb proqramının, yüzdən çox elmi, metodik və publisistik məqalənin müəllifidir. Mətbuatda həyat və fəaliyyətinə aid məqalələr dərc olunmuşdur.


GMworld sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

“Akif Məmmədov” için bir cevap

  1. […] xidmətlərini, eyni zamanda pedaqoq haqqında xoş xatirələrini bölüşdü. Daha sonra Akif Məmmədovun həmkarları, ailəsi, dostları, yetirmələri onun haqqında maraqlı, kövrək, unudulmaz, […]

    Beğen

Akif Məmmədovun "Seçilmiş əsərləri" kitabı – GMworld için bir cevap yazın Cevabı iptal et

Popüler

GMworld sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin