Ağ bir dünya idi o günkü dünya,
Ay da köksüm üstə düşmüşdü o gün.
Bəlkə həyat idi,
Bəlkə də röya,
Açıldı yaxası mavi bir göyün…
Nağıla düşmüşdüm, bir ağ nağıla,
Ürəyim ovcumun içində vurdu.
Hisslər yer vermədi o gün ağıla,
Bir ülvi xumarla qarşımda durdu.
Dünya özü boyda qar yağdırmışdı
Yanırdım bu bəyaz aylıq içində.
Dünya yamanlığı yağdırmamıştı,
Təmənna yox idi sağlıq içində.
Buludlar gözünü sıxmırdı daha,
Gözü yumuluydu duyğuların da.
Heç kəs mətahını satmırdı baha,
Aydınlıq görürdü yuxularında.
Şirinlik axırdı bulaqdan o gün,
Könlüm süd gölündə çimirdi, nə qəm,
Dedim, uca dağlar, siz də diz çökün,
Bu gün mən sizlərdən daha yüksəyəm…
Sözümə baxırdı bəyaz təpələr,
Sünbül şəlalər üstümə axdı.
Eh, nələr yazıldı, ömrümə nələr…
Nə deyim, söyləmək bəlkə günahdı.
Köksümdə gül açdı, çağladı, yazım,
O yazı dünyanın baharı sandım.
O həyat idisə yuxu nə lazım,
Əgər yuxudursa niyə oyandım.
Nüsrət Kəsəmənli

Yorum bırakın