Teodor Drayzerin “Cenni Herhardt” əsərinə fan-fiction
Seçdiyim əsərə fan-fiction yazmamışdan qabaq öz fikirlərimi bölüşmək istəyirəm. Ilk dəfə fan-fiction haqqında BSU-nun Ədəbiyyat kafedrasının müdiri prof. Rəhilə xanım Qeybullayevanın master klassında eşitdim və bu mənim diqqətimi cəlb etdi. Ilk öncə məni cəlb eləyən fan-fiction-da olan demokratiyanın, fikir azadlığının mövcud olmasıdır. Niyə biz əsəri oxuyub fikrimizi bildirməyək? Niyə əsəri oxuyub qurtarandan sonra kitabı bağlayıb bir kənara qoyaq? Niyə də fikir mübadiləsi eləməyək? Əsərdə baş verən hadisələrlə biz həmişə razı oluruqmu və yaxud olmalıyıqmı? Axı hərənin öz dünyagörüşü, hadisələrə öz baxışı var, niyə də bizi qane etməyən hər hansı bir hadisəyə öz etirazımızı bildirməyək? Və yaxud da ümumilikdə bəyəndiyimiz əsərə qısa da olsa münasibət bildirməyək. Niyə də yox?
Hər bir qoyulan məsələnin öz məqsədi var və olmalıdır da. Fan-fiction-nın məqsədi nədir? Mənim fikrimcə, onun əsas məqsədi hər hansı bir yazarın və onun əsərinin təbliğidir. Fan-fiction-ı oxuyan şəxs ən azından əsər ilə, onun yazarı ilə maraqlanacaq. Və əgər o bu əsəri oxumuyubsa əminəm ki, mütləq tapıb oxuyacaq və öz ətrafındakı insanlara da məsləhət görəcək ki, bu əsəri oxusunlar. Mən əminəm yazdım, çünki özüm BSU-nun artıq magistratura məzunları Çinarə və Xəyalə xanımın Ramiz Rövşənin “Daş” əsərə yazdıqları fan-fiction-ı oxumuşam və fikirləşmişəm ki, bu əsər çox maraqlıdır ki, ona fan-fiction yazılıb. Və bu qənaətə gəlmişəm ki, mütləq bu əsəri oxuyub öz münasibətimi bildirim.
Fan-fiction-ın bir müsbət xüsusiyyəti də ondan ibarətdir ki, fan-fiction yazılmış əsər diqqəti cəlb edir və onu digər əsəsrlərdən seçir. Çünki hər bir kəs əsər yaza bilər, ancaq əsərə həqiqi və düzgün qiyməti oxucu verir. O əsərə fan-fiction yazıla bilər ki, əsər sözün əsl mənasında oxucuya təsir edə bilsin və onu dindirsin.
Mənim yazdığım fan-fiction Teodor Drayzerin “Cenni Herhardt” əsərinədir. Bu əsəri üç il öncə oxumuşdum və çox təsirlənmişdim. Cenninin həyatı o qədər mənə təsir eləmişdi ki, bir müddət onun həyatını fikirləşirdim və özümə müxtəlif suallar verirdim. Niyə Cenni belə saf idi? Bunda onun günahı vardımı? Niyə həyat ona qarşı belə amansız idi? Mən Cenninin yerində olsaydım necə hərəkət edərdim? Bu fani dünyada təmiz qəlbli olmaq və hamıya inanmaq günahdırmı? Və bu kimi müxtəlif suallar. Suallar çox oldu deyəsən, əsas onlara cavab verməkdir. Məni ən çox təsir edən məqam əsərdə paranın hakim mövqe tutmasıdır. Yəni, doğurdanmı para o dərəcədə qüvvətlidir ki, insani hissləri öldürə bilir?! Mən buna inanmaq istəmirəm, ona görə də əsərin sonunu öz istədiyim kimi dəyişəcəm. Bilirəm, bu reallıqdan uzaqdır. Çünki hər birimiz dəfələrlə həyatda bu kimi oxşar hadisələrin şahidi oluruq. Amma mən insani hissləri öldürməyə qadir olan paranın bir heç olduğuna inanmaq istəyirəm. Razıyam, bizim yaşamağımız üçün pul lazımdı, o bir vasitədir, ama insanı bədbəxt edəcək dərəcədə yox, insanı insanlıqdan çıxaracaq dərəcədə yox. Əsərin sonunda varis məsələsi müzakirə olunanda çox inanırdım ki, heç nəyə baxmayaraq Lester öz məhəbbətinə sadiq qalacaq, neçə illər istifadə etdiyi Cenniyə nəyahət, onun layiq olduğu hörməti göstərəcək. Bunun əksini görəndə isə çox sarsıldım. Çünki həyatda bir şeyə inanmışam və istəmişəm ki, daima belə olsun : insan çəkdiyi əzablardan sonra mütləq onun mükafatı olmalıdır. Lesteri Cenninin mükafatı olaraq görürdüm. Çox təəssüf ki, belə olmadı. Ola bilər, bəziləri Cennini zəif bir insan kimi qəbul eləsin və Lesterlə münasibətində günahı onun özündə görsün. Bu haqda çox fikirləşmişəm, amma onu zəif bir insan kimi qəbul eləyə bilmirəm. Əksinə o çox güclü və qürurlu bir qadındır. O sadəcə olaraq, saf və təmiz qəlbli bir insandır və qarşılaşdığı insanlara da olduğu kimi yanaşır. Axı insan inamsız və hamıya şübhə ilə yanaşaraq necə yaşaya bilər? Məncə yaşamaq əvəzinə sadəcə sürünəcək və heç bir zaman sözün əsl mənasında xoşbəxt ola bilməyəcək. Zamanın gözündə isə Cenninin ən böyük günahı – onun maddi cəhətdən kasıb olmasıdır. Bəli, Lester çox zəngindir, olduqca zəngindir. Dövrünün sayılıb-seçilən bir ailənin oğludur. Ama onların zənginliyi Cenninin mənəvi zənginliyi ilə ölçülə bilməz, sadəcə olaraq, gücü çatmaz. Cenninin qürurlu bir qadın olduğunu biz əsərin sonunda Lesterlə miras məsələsində davranışında bir daha şahidi oluruq. O özü Lesterə ayrılmaq təklif edir. Əslində Cenni qəlbinin dərinliyində inanmaq istəməsə belə, başa düşür ki, Lester öz varidatını düşünüb ona üstünlük verəcək. Necə də ədalətsizlikdir! Amma bu bir həqiqətdir. Cenninin hərəkəti təqdirə layiqdir : gedəni saxlamazlar və ona sadəcə bir söz demək kifayətdir : “Yolun açıq olsun!”. Nə qədər agır olsa da, hətta dözülməz olsa belə.
Fan-fiction
….. elə bir məqam gəlib çatmışdı ki, Lesterin qərarı onun gələcək həyatını həll edəcək. Və ən əsası Lesterin ona qarşı olan hisslərinin nə dərəcədə həqiqi olduğu aydınlaşacaq. Əslində Lesterin özünə də qərar vermək çox çətin idi. O, iki yol arasında qalmışdı : doğulub boya-başa çatdığı, öyrəşdiyi cəmiyyət və Cenni. Hansını seçsə o düzgün qərar vermiş olacaq? Öz cəmiyyətindən həmişəlik qopmaq Lester üçün dözülməz idi. Bir tərəfdən də onun məhəbbəti. O, Cennisiz öz cəmiyyətində yaşaya biləcəkmi? Cenni ilə ayrılsa rəngarəng həyat – onun alışdığı həyat onu gözləyir o, öz əvvəlki mövqeyinə qayıda bilər, şirkətdə öz yerini tuta bilər. Axı, o, Cenni ilə evlənməmişdi və onun cəmiyyəti heç cür Cennini qəbul eləmirdi. Nə qədər çətin olsa da, o, bir qərara gəlməlidir. Uzun sürən çəkişmədən sonra nəhayət, Lester bir qərara gəldi : inanılmaz olsa da, o, öz Cennisini alışdığı həyatdan üstün tutdu və öz məhəbbətinə sadiq qaldı. Cəmiyyətin qəbul eləmədiyi Cenni ilə evləndi. Onun bu seçimi Cenniyə olan hörməti, sevgisinin həqiqi olmasının və ən əsası insani hislərin madiyyatdan üstün olmasının sübutu idi.
Filologiya üzrə I kurs magistrantı
Gülnar Əhmədova

Yorum bırakın