
Əhmədov Bəşir Abbas oğlu (5 may 1932, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ – 19 iyun 2007-ci il, Bakı, Azərbaycan) — Azərbaycan filoloq-dilşünası, metodist, pedaqoq. Ali Attestasiya komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Elmlər Akademiyasında Terminologiya komitəsinin, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Komissiyası rəyasət heyətinin, “Maarifçi” qəzeti redaksiya heyətinin və Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü olmuşdur.
Bəşir Əhmədov elmi yaradıcılığa 1961-ci ildə başlamışdır. Onun yaradıcılığı Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və pedaqogika elmi ilə bağlıdır. O, bir çox publisistik yazıların da müəllifidir. Alim eyni zamanda Azərbaycanda elmi kadrların hazırlanmasında fəaliyyət göstərmişdir. O, 3 doktorluq işinə elmi məsləhətçi, 25 elmlər namizədinə elmi rəhbər olmuş, 75 dəfə rəsmi opponent kimi çıxış etmiş, 30 əsərin elmi redaktoru olmuşdur. Keçmiş SSRİ-nin bir sıra şəhərlərində, o cümlədən Kiyev, Daşkənd, Tbilisi, İrəvan və s. dəfələrlə elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Onun yazılarından bir qismi Azərbaycandan kənarda dərc olunmuş, görkəmli akademiklər A.Tekuçev, M.A.Danilov, A.V.Dudnikov, Babanski və s. tərəfindən yüksək qiymətləndirilmişdir. Alim 1985-ci ildən M.F.Axundov adına Pedaqoji İnstitutda fəaliyyət göstərən “Məktəbə kömək komissiyası”nın sədr müavini kimi Azərbaycanın, demək olar ki, bütün rayonlarında olmuş, xalq təhsilinin müasir problemlərinə dair silsilə mühazirələr oxumuş, bu barədə mətbuat səhifələrində müntəzəm olaraq informasiyalar dərc etdirmişdir. O, həm də Ali Attestasiya Komissiyasında ekspert şurasının, pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının, Elmlər Akademiyasında Terminologiya komitəsinin, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Bakı Slavyan Universitetində universitet və fakültə elmi şuralarının, Azərbaycanda Pedaqoji-Psixoloji Elmləri Əlaqələndirmə Komissiyası rəyasət heyətinin, “Maarifçi” qəzeti redaksiya heyətinin və Milli Məclisdə təhsil qanununun yeni redaksiyasını hazırlayan işçi qrupunun üzvü olmuşdur. Keçmiş SSRİ dövründə Moskvada pedaqogikanın metodoloji problemləri üzrə elmi şuranın üzvü olmuş və bütövlükdə Zaqafqaziyanı təmsil etmişdir. Onun 33 monoqrafiyası, dərslikləri və dərs vəsaitləri, müxtəlif jurnal və qəzetlərdə çap olunmuş 650-ə yaxın məqaləsi mövcuddur. Metodist alimin zəngin elmi yaradıcılığının bir hissəsini 1960–1977-ci illərdə qələmə aldığı monoqrafiyaları təşkil edir. O, dilçilik, metodika və pedaqogikanın müxtəlif problemlərini özündə əks etdirən monoqrafiyalarında toxunduğu hər bir məsələni özünəməxsus tərzdə araşdırmağa çalışmışdır. Monoqrafiyalarda fonetikanın tədrisi, Azərbaycan dili təliminin qanunları, prinsipləri və metodları, rabitəli nitq vərdişlərin inkişaf etdirmək yolları, Azərbaycan dili dərslikləri ilə işləməyə dair metodik göstərişlər, sadə cümlənin tədrisi, nitq inkişafında müxtəlif fənlərin rolu və digər məsələlər əhatə olunmuşdur. Alim öz yazılarında elmə aşağıdakı yenilikləri gətirmişdir:
- Azərbaycan dili təlimi prosesində səslə hərfin, tələffüzlə yazının müqayisəli öyrədilməsinin zəruriliyi;
- Nitqin məzmunu ilə formasının, fikirlə ədəbi dil normalarının vəhdətlə öyrədilməsi zəruriliyi;
- Təlimdə müəllimə həqiqi müstəqilliyin verilməsi, onun yaradıcı fəaliyyətinin təqdir olunması zəruriliyi;
- Şeirin şifahi nitq formaları zəminində yazılması zəruriliyi;
- Söz birləşməsi, frazeoloji vahid və mürəkkəb sözlərin spesifik xüsusiyyətləri;
- “Pedaqoji gerçəklik”, “Pedaqoji proses” anlayışının vacibliyi;
- Müəyyən şəxsli təktərkibli cümlənin mahiyyətinin açılması;
- Təyinin nəyi təyin etməsi məsələsi;
- Mürəkkəb söz və kəmiyyət kateqoriyası məsələsi;
- Məktəb direktorlarına tam səlahiyyətlər verilməsinin züruriliyi;
- Dərsin diskussiya şəklində təşkilinin zəruriliyi;
- Təhsillə bağlı inkişafın rəqabətlə bağlı olmasının əsaslandırılması;
- Söz birləşmələrinin tərəfləri arasında sintaktik əlaqə məsələsi;
- Felin “Mürəkkəb zaman” anlayışının elmi əsasa malik olmaması;
- Təlim-tərbiyədə islam dininin öyrədilməsi zəruriliyi.
- Durğu işarələrinin dəqiqləşdirilməsi.
Görkəmli filoloqun elmi yaradıcılığından bəzi materialları müvafiq bölmələrdən yükləyə bilərsiniz

Yorum bırakın