Son günlərdə “Fohow” sözü ilə tez-tez rastlaşıram. Mənası nədir, Azərbaycan dilində qarşılığı necədir, nəyin simvoludur deyə marağıma səbəb olduğu üçün kiçik araşdırma etdikcə bir daha əmin oldum ki, təsadüfi deyilən bir şey yoxdur, qarşımıza çıxan ən kiçik detalı belə öncədən düşünmüş və həyat yolumuza çəkmişik. Bəs görəsən, nə səbəbdən “Fohow” mənim qarşıma çıxıbdır?

Öncə qeyd etdiyim sözün mənasına nəzərə salaq. Ümumi baxış etdikdə, “Fohow” – yunanlılarda Phoneix, Hindistanda Garuda, Ərəbistanda Anka, İranda Simurq adı ilə tanınan Zümrüd quşu imiş.
Phoenix – qədim nağıllarda hər 500 ildən bir özünü yandıran və yenidən doğulan, külündən qalxan xəyali quş olaraq qeyd olunur. Digər maraqlı fakt isə “Fohow” Çində uğur, xoşbəxtlik və sevinc mənasını verən quşun adıdır. Əfsanəyə görə, Fohow göylərin elçisi, xoşbəxtlik quşudur; o özünün nəhəng güclü qanadlarında bərəkət gətirir. Zahirən Fohow nəhəng gözəl parlaq quş kimi görünür. Hər beş yüz ildə bir dəfə, Fohow insanların bütün kədərlərini öz çiyinlərində götürüb uzaqlara – nəhəng kainat tonqalına uçur, elə bu tonqalda da öz çiyinlərində bəşəriyyətin neqativləri ilə birlikdə yanır. Bu qəhramanlığı ilə Fohow öz həyat və gözəlliyini yenidən insanların dünyasına qayıdan xoşbəxtlik və harmoniya naminə qurban verir. Fohow atəşə atılır ancaq əzab və ağrı hiss edərək yenidən öz küllərindən doğulur. Yenidən daha gözəl, yenilənmiş lələklərilə günəşin parlaq rəngləri ilə parıldayan Fohow bütün Yer kürəsinin insanlarına xoşbəxtlik və rifah gətirərək planetin üzərində uçur.
Azərbaycan dilində isə Simurq quşu olaraq qeyd olunur. Quşların şahı hesab edilən Simurq quşu bütün xəstəlikləri müalicə etmək qabiliyyətinə malik olan və hətta ölümsüzlük simvolu hesab edilirmiş. Simurq hər şey haqqında hər seyi bilən, bütün dövrlərdən xəbərdar olan və dünyanın 3 dəfə məhvini görən bir quş – canlı sayılırdı.
Qədim İran əfsanələrində Simurq quşu “elm, bilik ağacı”nda yuva quran, gələcəkdən xəbər verən çox nəhəng bir quşdur.

Bu quş hun-qıpçaq mifologiyasında “Alp”ları, yəni igidləri xilas edən, onları dardan qurtaran Alp Karakuşla eyniləşdirilir.
Bəziləri Simurq quşunun əvəzsiz olduğunu, bəziləri isə onu bir növ nəhəng quş olmuş Ruxun, qədim hind əfsanələrindəki İlahi bir quş olan Qarudanın, mifoloji Feniksin və müsəlmanların sehrli quş hesab etdikləri Ankeni Simurq quşunun analoqu hesab etmək olar. Əfsanələrə görə, bu quşlar 700 ildən 2000 ilədək ömür sürər, balaları böyüdükdən sonra özlərini oda atıb yandıraraq fəda edərlər.
Türklərin bu quşa Zümrüd-ü Anka deməsinin səbəbi rənginin yaşıl olduğuna dair inanclarıdır. Bu quş Türk mifologiyasında “Tuğrul quşu” olaraq bilinməkdədir.
Bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi isə odur ki, Nuhun gəmisi Qaf dağında quruya təmas etmişdi. Həyat, o cümlədən, od da oradan paylanırdı. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalı idi. Qaf dağı bəzi mənbələrdə Qovv yaxud Qavf kimi göstərilməklə Ağrı dağı ilə eyniləşdirilir.
Əsatirə görə, bir dəfə Simurq quşu öz möhtəşəm lələklərindən birini Çinin düz ortasında salır. Lələyi görən və aralarında daim narazılıq olan quşların hamısı onu axtarmaq qərarına gəlirlər. Quşlar bilirlər ki, quşların şahı hesab edilən bu quşun adının mənası “Otuz quş” deməkdir və onun sarayı ən hündür dağlar silsiləsinin ən hündür nöqtəsində yerləşir. Öncə bəzi quşlar Simurq axtarışına getməkdən boyun qaçırırlar. Belə ki, bülbül gülə olan məhəbbətini, tutuquşu gözəl lələklərini xilas etmək üçün qəfəsdə yaşamaq məcburiyyətində qalmasını, kəklik öz balalarından ayrıla bilməməsini və dağ döşündə qurduğu yuvasından ayrı qala bilməməsini, vağ bataqlığa olan sevgisini, bayquş qaranlığa olan sevgisini bəhanə gətirərək Simurq axtarışına getməkdən imtina edirlər. Sonradan onlar Simurqu axtarıb tapmaq məcburiyyətində qalır və yola düşərək 7 dəniz, 7 dağ keçirlər. Bunlardan son ikisinin adı “Başhərlədən” və “Məhvedən” adlanırdı. Quşların bəziləri bütün çətinliklərə tab gətirə bilməyib geri qayıdır, bəziləri isə həlak olur. Ən dözümlu və sağ qalan 30 quş isə sonda Simurqun sarayına gəlib çatır və öz arzularına nail olurlar. Belə olan halda quşlar anlayır ki, İlahi quş elə onların özləridir, “Simurq” özləridir və onlar hamısı birlikdədirlər. Bu əfsanə haqqında Əttar özünün «Məntiquttəyr» (“Quşların dili”) kitabında da qeyd etmişdir: “… Beləcə, dağın başına otuz quş çıxa bilir. Lakin orada Simurqu görə bilməyib təəccüblə şanapipikdən onun harada olduğunu soruşurlar. Şanapipik onlara deyir: „Bir sayınıza nəzər salın, simurq elə özünüzsünüz. Quşlar saylarının doğrudan da otuz olduğunu görürlər.“ (Si-fars dilində otuz, Murq-quş mənasını verir).

Bir çox əfsanəyə görə Qaf dağının təpəsində yaşamaqda olan Simurq quşunun tüklərinin sağaldıcı təsiri var. Onun lələyini tapmaq üçün Qaf dağına çatmaq, o dağa çatmaq üçün isə yeddi dibsiz vadini keçmək lazımdır. Yeddi dibsiz vadini keçmək Simurq quşuna çatmaq deməkdir:
- İstək
- Eşq
- Mərifət
- İstisna
- Tövhid
- Təəccüb
- Yox olma
Həyatda öz yolunu tapmaq üçün çıxılan səyahətdə, ən önəmlisi iç dünyamıza etdiyimiz yolculuqda yalnız, səbr, iradə və inam sayəsində nail olmaq olar ki, yuxarıdakı əfsanəni buna misal göstərmək olar. Bu səyahətdə qarşıya qoyduğumuz məqsədə çatmaq, eyni zamanda yolculuğu dəyərli, yadda qalan, maraqlı etmək üçün istəkli, sevgi dolu, özünə inamlı, pozitiv düşüncədə qalmağı və səbirli olmağı bacarırsaq həyatımızı daha gözəl, mənalı edərik. Hər şey öz əlimizdədir, seçimlərimizdən, həyata baxışımızdan asılıdır. Seçimləri etmək, yenidən başlamaqdan qoxmaqdan çəkinməliyik, cəsarətli olmalıyıq. İstənilən yaş dövründə bunu etmək mümkündür, unutmayaq ki, aldığımız hər nəfəs bizə hədiyyədir, bu hədiyyənin dəyərini bilməliyik və hər nəfəsdə yenilənməyə cəhd etməliyik, kiçik addımlarla, əsas məsələ dayanmamaqdır. Və məhz biz, içimizdə yenidən başlamağa qərar verdiyimiz o an doğru zamandır. Hər şey doğru anda başlayar, nə tez nə də gec. Və qərar verdiyimiz həmin o andan etibarən hər şey yenilənməyə başlayır. Yeni bir həyata doğmaq, həqiqi anlamda yaşamaq, həyatını tamamilə dəyişmək, hər şeyi yenidən istədiyini kimi yazmaq, Simurq kimi küllərindən yenidən doğmaq.
“Fohow” ilə məhz küllərimdən yenidən doğduğum ərəfədə rastlaşdım, o anda ki, hər şeyi yenidən başlamağa qərar vermişdim. Demək ki, heç bir şey təsadüfi deyildir.

Gülnar M. Əhmədova

Yorum bırakın